Bu təxribatda Fransa da məsuliyyət daşıyır - Mətin Məmmədli  

16:40 19.09.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Son günlərdə Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin binalarına qarşı bu ölkədəki erməni icmaları tərəfindən edilən hücumlar vandalizm və terror elementləri kimi dəyərləndirilməlidir. Ekspertlər hesab edirlər ki, bu erməni hücumları cinayət məsuliyyəti doğuran əməllər kimi səciyyələndirilir. Niyə Avropa erməni vandalizminə göz yumur?

Bu barədə hafta-az-a açıqlama verən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəsinin eksperti Mətin Məmmədli bildirib ki, dünya ermənilərinin müxtəlif ölkələrdə səfirliklərimizə qarşı hücumlarının heç bir hüquqi, siyasi əsasları yoxudur.  Siyasi ekspert hesab edir ki, belə hücumları heç şübhəsiz ki, erməni diasporasının ayrı-ayrı ölkələrdə yaşayan qrupları törədir.

“Erməni diasporası Azərbaycan-Ermənistan arasında keçmişdə və indi mövcud olan münaqişənin, gərginliyin həllində hər zaman olduqca radikal mövqe sərgiləyib. Sülh prosesini tormuzlayan, maneə yaradan əsas qüvvələrdən biri erməni diasporudur.  İndi onların belə aksiyalar keçirməsi Ermənistanın zəif duruma düşməsi ilə bağlıdır.  Ermənilər həm zəif, həm də haqsızdırlar. Bu da onların qeyri-adekvat hərəkət nümayiş etdirməsinə səbəb olur”.

M.Məmmədli səfirliklərimizə edilən hücumlarda digər məsuliyyət payının həmin ölkələrin -  Livan, Fransa və digər ölkələrin üzərinə düşdüyünü deyib.  

“Xüsusən sə, Fransadakı səfirliyimiz ölkənin təhlükəsizlik orqanları tərəfindən ciddi qorunmur. 1961-ci il Vyana Konvensiyasına görə diplomatik nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq və nümayəndəliyin sakitliyinin pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün lazımi tədbirlər görmək yerləşmə dövlətinin xüsusi vəzifəsidir.  Bu baxımdan da həmin ölkələr də ciddi məsuliyyət daşıyır”.

Siyasət rubrikasından digər xəbərlər